Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Agamiraz -ın məlumatına görə, təbrikdə deyilir: "Hörmətli həmvətənlər! Sizi dünya müsəlmanlarının müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm. İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müsəlmanlar bu ayda Allah və din qarşısında borclarını yerinə yetirmək fürsəti əldə edir, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının fərəhini, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. Xalqımız həmişə milli-mənəvi dəyərlərə sadiqliyi ilə seçilib. İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən biri olan Azərbaycanda milli-dini mərasimlər, o cümlədən, Ramazan bayramı hər il böyük təntənə ilə keçirilir, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edil...