Skip to main content

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Agamiraz-ın məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli həmvətənlər!
Sizi dünya müsəlmanlarının müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.

İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müsəlmanlar bu ayda Allah və din qarşısında borclarını yerinə yetirmək fürsəti əldə edir, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının fərəhini, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.

Xalqımız həmişə milli-mənəvi dəyərlərə sadiqliyi ilə seçilib. İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən biri olan Azərbaycanda milli-dini mərasimlər, o cümlədən, Ramazan bayramı hər il böyük təntənə ilə keçirilir, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman vətən övladlarının xatirəsi dərin ehtiramla yad olunur. Mübarək Ramazan günlərində xeyirxah niyyətlərinizlə həmrəy olduğumu bildirir, bütün dua və diləklərinizin Tanrı dərgahında qəbul olunmasını arzu edirəm.

Bu il Ramazan ayı ölkəmizin həyatında bir sıra əlamətdar hadisələrlə eyni vaxta təsadüf edib. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi, IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi, eyni zamanda, etnik-dini dözümlülük, dinlərarası həmrəylik və əməkdaşlıq məkanı olan ölkəmizin sivilizasiyalararası dialoq forumları kimi mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi hazırkı narahat dünyamızda Azərbaycan dövlətinin sülh və təhlükəsizlik işinə verdiyi dəyərli töhfələrdir. Biz bəşəriyyətin gələcəyini hədəf alan hər cür qlobal təhdid və təhlükələrə qarşı ardıcıl mübarizəmizi, dialoq və həmrəylik təşəbbüslərimizi bundan sonra da davam etdirəcəyik.

Əziz bacı və qardaşlarım!

Hər il Azərbaycanda böyük fərəh və könül xoşluğu ilə keçirilən orucluq mərasimləri cəmiyyətimizdə birlik və həmrəyliyin, dostluq və qardaşlıq münasibətlərinin təntənəsinə çevrilir. Bu əziz bayram günlərində bir daha hər birinizi, eyni zamanda, ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı səmimi-qəlbdən təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram!

Comments

Popular posts from this blog

Türkiyə və Qətərin hərbi dəniz qüvvələri birgə təlimlər keçirəcək

Türkiyə və Qətərin hərbi dəniz qüvvələri avqustun 6-7-də birgə təlimlər keçirəcək. “Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məlumatı Qətərin Müdafiə Nazirliyi yayıb. İnformasiyaya əsasən, təlimlərin keçirilməsi ilə bağlı məsələ bu il iyulun 31-də Türkiyə Silahlı Qüvvələrinə aid “Gökova” gəmisinin göyərtəsində Qətər Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Məhəmməd bin Naser əl-Mühənnədinin iştirakı ilə müzakirə edilib. Təlimdə iştirak edəcək Türkiyənin hərbi gəmisi göyərtəsində 214 hərbçi ilə Qətərin paytaxtı Dohanın cənub-şərqində yerləşən Hamed limanında lövbər salıb.

Bölgələrdə ot qıtlığı yaranıb

Ət və süd bahalaşa bilərmi? Bu il Azərbaycanın regionlarında ot qıtlığı yaşanıb. Bir yandan ekoloji amillər, digər yandan otlaq sahələrinin müxtəlif məhsulların əkini üçün ayrılması yem istehsalına ciddi təsir edib. Ekspertlər hesab edir ki, hazırda yaşıl yem mövcud olduğu üçün bu ətin qiymətində özünü göstərməsə də, payız-qış aylarında yaşanacaq yem qıtlığı qiymət artımına səbəb ola bilər. Bu durumu “Yeni Müsavat” şərh edən kənd təsərrüfatı üzrə ekspert Müslüm İbrahimov da vurğuladı ki, bu kənd təsərrüfatı üçün asan bir vəziyyət deyil:  “Ona görə ki, iribuynuzlu heyvanların bəlli bir rasionu var. Əgər bu rasionda hər hansı dəyişiklik olsa, bu dərhal süd və ətin məhsuldarlığına təsir göstərəcək. Bir qədər həmin rasiondan kənara çıxan kimi bu dərhal ətin və südün istehsalında hiss olunur. Heyvanın normal qidalanması üçün ot bol olmalıdır. Bizdə mövcud olan problemlərdən ən əsası da budur ki, heyvan yemlərini diversifikasiya edə bilməmişik. Əslində isə rasionda otdan başqa digə...

Mixail Saakaşvili Polşaya hansı pasportla gəlib?

Ukrayna vətəndaşlığından məhrum edilmiş Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ABŞ-dan Polşaya uçub. APA-nın “Ukrainskaya Pravda”ya istinadən verdiyi məlumata görə, M. Saakaşvili avqustun 3-də Varşava üsyanının ildönümünə həsr olunmuş tədbirdə çıxış edib. Ukrayna pasportu ləğv edilmiş və başqa vətəndaşlıq pasportu olmayan M. Saakaşvilinin Polşa sərhədini necə keçdiyi hələlik məlum deyil. Onun mətbuat xidməti günün sonuna qədər bu barədə açıqlama veriləcəyini bildirib.  Xatırladaq ki, iyulun 26-da M. Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edildiyi barədə məlumat yayılıb. Ukrayna hökuməti ABŞ və digər dövlətlərə Saakaşvilinin pasportunun ləğv olunduğu barədə məlumat verib.