Skip to main content

Gəncə Səhiyyəsinin “kentavr”ı niyə geri qayıdıb?


Cənab Oqtay Şirəliyev Səhiyyə naziri vəzifəsinə təyin olunandan sonra fəaliyyətinin 100 gününün tamam olması münasibətilə ondan müsahibə götürən nüfuzlu qəzetlərdən birinə verdiyi müsahibədə belə bir hadisəni xatırlatmışdı: ”Nazir təyin olunan kimi yüksək mənsəbli dövlət məmurlarından biri mənə məsləhət gördü ki, təzəsən, mümkün qədər çox şey istə, sonra köhnələcəksən və dövlətdən nəsə tələb edə bilməyəcəksən.” (xüsusilə maddi vəsait-O.N)
Nazir dediklərinə onu da əlavə etmişdi ki, həmin məmurun məsləhətinə əməl edib və peşiman olmayıb. Təyinatının ilk vaxtlarında hökumət qarşısında bir xeyli tələb irəli sürüb və öz istədiklərini maksimum qaydada ala bilib. Sonralar nazir də öz növbəsində məsləhət aldığı dostunun başçılıq etdiyi sahəyə qayğı və diqqətini əsirgəməyib.
Bəli! Zaman ötdükcə qocalmaqda olan hörmətli Oqtay Şirəliyevin elə nazir kürsüsündə də qocaldığının, səlahiyyətlərinin icrasında isə tələbkarlığının azaldığının, sanki əldən düşdüyünün şahidi oluruq.
Oqtay Şirəliyevin və onun rəhbərliyi altında işləyən struktur vahidləri rəbərlərinə səhiyyəyə yönəldilən küllü miqdarda vəsaitləri necə ”yerbəyer” eləmələri barədə mətbuat çox faktlar irəli sürüb. Ölkədə dərman qıtlığından, səhiyyəmizdəki rüşvət burulğanından çox yazılar yazılıb. Bunlar ayrıca müzakirə və araşdırma mövzusu olduğundan, hələlik heç nə deməyim. Ancaq Doktor Şirəliyevin ilk vaxtlarda verdiyi vədlərlə, indi səhiyyəmizdə baş verənləri müqayisə edəndə belə nəticəyə gəlmək olar ki, deyəsən, o artıq ”köhnəlmiş nazirlər” in siyahısına düşüb və səhiyyənin bəzi sahələrinə münasibətdə sələfi, hazırda həbsdə olan Əli İnsanovvaridir. Xüsusən bu mənada həmişə olduğu kimi diqqətçəkəcək məqam yenə kadr islahatlarıdır. Güman edirəm ki, cənab Səhiyyə naziri bizim bu yazdıqlarımızı mehribanlıqla qəbul edib, qeyd edəcəyimiz nöqsanı aradan qaldıra biləcəkdir.
Nələrisə xatırlatmazdan öncə, nəzərinizə çatdırım ki, əslində cənab Şirəliyevin də bəzi nazirlərimiz kimi ilk və ən mühüm səhvi bəzi kadr seçimləri ilə bağlıdır. Məsələn, ölkədə elə baş həkimlər və ayrı-ayrı tibb işçiləri var ki, sanki Oqtay Şirəliyevdən şəxsi toxunulmazlıq alıb. Əksər baş həkimlərin timsalında da bu faktı aydın şəkildə görmək olar. “Toxunulmaz”ların bəzilərini isə DOKTOR ŞİRƏLİYEV öz seçim, istəyilə təyin edib. Nazirin belə bir kadrlarından olan, hazırda Gəncə Tibb Kollecinin direktoru olan Mehman Rzayevə diqqət çəkək. Və ümid edək ki, Şirəliyev uzun illərdir himayə etdiyi öz dostu-sevimli kirvəsi, Gəncənin sabiq Səhiyyə İdarəsinin müdiri M. Rzayevlə bağlı gələcəkdə obyektiv qərar verə biləcəkdir. İlk baxışda novatorluq sərgiləyən, əslində isə öz şəxsi mənfəətini daha çox düşünən birisinin gələcək planlarına diqqət edəcək. Hərçənd bu mümkün görünmür. Çünki…
Nazirin kirvəsi Gəncə səhiyyəsinə yaramışdı ki?!…
Mehman Rzayevin illər öncə Gəncə səhiyyəsinə “dirijor” göndərilməsi bir sıra ümidlər yaratmışdı. Gözlənilirdi ki, ən azından həkim-pasient münasibətləri yaxşılaşacaq, müalicəyə ehtiyacı olanlar əziyyət çəkməyəcək, operativ və təmənnasız pulsuz tibbi xidmətlər işlək vəziyyətə gələcək. Həkimlər yazdıqları reseptlərin müqabilində xəstələrin ciblərinə əvvəlki kimi soxulmayacaq və sair bu kimi ümidlər…
Amma ötən zaman göstərdi ki, bir sıra qaydalar yenilənsə də “ənənə” öz hökmünü dəyişmədi. Nədənsə Mehman Rzayev yarıtmaz baş həkimlərini və ya şöbə müdirlərini də çıxarmaq üçün bu illər ərzində ciddi əsaslar “tapa bilməmişdi”. Heç axtarmamışdı da. Özünə sərf edirmiş kimi, ciddi kadr islahatı aparmadan yerində saymışdı. Bir sözlə desək, Antiyapçı Həsrətdən xələfinə ötürülən neqativlər o illər ərzində Mehman Rzayevin özünü neqativ həkimə çevirə bilmişdi.
Xatırlatmaq yerinə düşər ki, 2012-ci ildə Elmar Vəliyevin şəhərə başçı gəlişi Mehman Rzayevi də narahat etməyə başlamışdı. Bakıya qaçanacan icra başçısının sürətli fəaliyyət dinamikasına və tələbkarlığına tab gətirməmişdi. Yeyinti və korrupsiya halları ucbatından maliyyə yoxlamaları ilə səhiyyə nazirliyi arasında qarşıdurma yaratmışdı. Və nəhayət, kirvəsinin köməyilə canını qurtararaq Bakıdakı kiçik səhiyyə ocağına pənah aparmağı başarmışdı. Beləcə, doktor Rzayevin idarə rəisi olarkən hansı işlərə qalxışması, bir sözlə fəaliyyəti heç də qənaətbəxş deyildi.
“Praktiki təbabət”dən elm ocağına transferin səbəbi NƏ?
Hazırda görünən o ki, M. Rzayevin Gəncə Tibb kollecinə rəhbər təyinatı təsadüfən baş verməyib. Şəhərdə yayılan məlumatlara inansaq, bu “dev” adamın Gəncəyə möhtəşəm qayıdışının özəl səbəbləri var. Bununla belə, nazirin kirvəlik münasibətlərindən kənar, onun hansı keyfiyyətlərini nəzərə alaraq belə məsuliyyətli posta təyin etməsi sual olaraq qalır. Həm də maraq doğuran xəbər odur ki, M. Rzayev Gəncə Səhiyyə İdarəsini tərk edib paytaxta üz tutmasını rəsmi sənədlərdə özünün xəstə olması ilə əsaslandırıb. Sizcə ikinci böyük şəhərin baş təbibi hansı xəstəliyə tutulmuşdu ki, müalicəsinə rəhbəri olduğu Gəncə səhiyyəsində əlac tapılmayıb? Və işlədiyi dönəmdə Gəncə səhiyyəsinin gücündən, müasirliyindən dəm vuran loğmanın fikirləri dəyişməyib ki?…
Xoşbəxtlikdən, o, bir neçə ilə məhz Bakıda şəfa tapa bilib və qəfildən həkimlikdən tibbi – pedoqoji tədris müəssisəsinə rəhbər göndərilib. Axı səhiyyə sahəsində savadlı tibb işçiləri ilə işlərini düzgün təşkil edə bilməyən birisi necə sonradan orta tibbi ixtisaslı kadrların yetişməsində töhvə verəcək? Sizcə Gəncə Tibb Kollecinin sabiq direktoru, bu tədris ocağının yeganə tibb elmləri doktoru Niyazi İbrahimovu pedoqoji praktikası olmayan sadə həkimlə əvəzləməklə Oqtay Şirəliyev nələri hədəf götürüb? Oqtay Şirəliyev nədən durub-dururkən elmi dərəcəli təcrübəli bir elm adamını istefa ərizəsi yazdırmağa məcbur edib? Bəlkə deyəcəklər ki, bu tədris ocağında yenilənəcək təkcə direktor deyil, Kollec yenidən qurulacaq? Bəlkə, Mehman Rzayevin səhiyyədəki təcrübəsilə ölkənin qərb bölgəsindəki orta ixtisaslı peşəkar tibbi kadr boşluğunu doldurmaq mümkün olacaq?..
“Demokratik.Az” olaraq onu da deyək ki, sabiq direktorun işindən qovulması vəzifəsinin öhdəsindən lazımınca gəlməməsi əsas olub. Əgər belədirsə, niyə uzun illər yarıtmaz birisi bu vəzifədə çalışıb? Eləcə də cənab nazir kollec binasının tədrisə yararsız olduğunu da bildirib. Anlamaq doğrudan da çətindir ki, sabiq direktorun zamanında cari və əsaslı təmir işlərinin aparılmamasına niyə göz yumulub? Bu məqamda bir sual məni düşündürür. Axı niyə məhz təmir-tikinti işlərinin görülməsi direktor üçün ölçü meyarıdır?
Artıq ötən tədris ilindən bu yana Gəncə Tibb Kollecində görülən əsaslı təmir-tikinti işləri KİV-lərdə Mehman Rzayevin uğuru kimi, sələfinə qarşı qara-piar kompaniyası kimi təqdim olunur…
Mehman Rzayev deputat olacaq???
Mehman Rzayev tez-tez şəhərin və YAP-ın mühüm iclaslarında iştirak edərək özünü şəhər rəhbərliyinə yaxın kimi tanıtması strategiyası tutub. Təbii ki, bu həssas məsələdə şəhərin mütləq söz sahiblərindən biri olan, alim Fuad Əliyevin dəstəyinə sığınıb.
Gəncə Səhiyyəsinin “kentavr”ı niyə geri qayıdıb?”Demokratik.Az”-a bu barədə maraqlı məlumatlar verən mənbənin dediyinə görə, Mehman Rzayevin Gəncəyə qayıdışı əslində onun 2020-ci ildə deputat seçiləcəyinə zəmin hazırlanmasıdır. Bu mənada, millətvəkilliyi sevdalısının sosial şəbəkələrdə hazırki deputat Naqif Həmzəyevlə şəkillərinin daha çox ictimailəşdirilməsi diqqətçəkəndir.
Mənbənin sözlərinə görə, M.Rzayev məhz Naqif Həmzəyevi əvəzləyəcək. Sonuncunun ətrafında dəfələrlə baş qaldırmış ciddi qalmaqallar bu iddianı gücləndirir. Yəni, Naqif Həmzəyev növbəti seçkilərdə şansını itirmiş kimi görünür. Bundan əlavə, nazirin kirvəsi YAP-ın müavini Hüseyin Budaqovla da yaxın təmas qurub, sanki gələcək planlarını koordinasiya edir.
Daha bir xüsusi məqamı da nəzərinizə çatdıraq ki, Mehman Rzayevin Gəncə Tibb kollecinə direktor gətirilməsi təkcə Səhiyyə nazirinin iradəsilə yekunlaşmayıb. Bu təyinat Gəncə İcra Hakimiyyətinin başçısı cənab Elmar Vəliyevin xüsusi razılıq və təqdimatı ilə həyata keçirilib.
Osman Nərimanoğlu
Adıçəkilən hər kəsin söz haqqı var!
Demokratik.Az

Comments

Popular posts from this blog

Türkiyə və Qətərin hərbi dəniz qüvvələri birgə təlimlər keçirəcək

Türkiyə və Qətərin hərbi dəniz qüvvələri avqustun 6-7-də birgə təlimlər keçirəcək. “Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məlumatı Qətərin Müdafiə Nazirliyi yayıb. İnformasiyaya əsasən, təlimlərin keçirilməsi ilə bağlı məsələ bu il iyulun 31-də Türkiyə Silahlı Qüvvələrinə aid “Gökova” gəmisinin göyərtəsində Qətər Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Məhəmməd bin Naser əl-Mühənnədinin iştirakı ilə müzakirə edilib. Təlimdə iştirak edəcək Türkiyənin hərbi gəmisi göyərtəsində 214 hərbçi ilə Qətərin paytaxtı Dohanın cənub-şərqində yerləşən Hamed limanında lövbər salıb.

Bölgələrdə ot qıtlığı yaranıb

Ət və süd bahalaşa bilərmi? Bu il Azərbaycanın regionlarında ot qıtlığı yaşanıb. Bir yandan ekoloji amillər, digər yandan otlaq sahələrinin müxtəlif məhsulların əkini üçün ayrılması yem istehsalına ciddi təsir edib. Ekspertlər hesab edir ki, hazırda yaşıl yem mövcud olduğu üçün bu ətin qiymətində özünü göstərməsə də, payız-qış aylarında yaşanacaq yem qıtlığı qiymət artımına səbəb ola bilər. Bu durumu “Yeni Müsavat” şərh edən kənd təsərrüfatı üzrə ekspert Müslüm İbrahimov da vurğuladı ki, bu kənd təsərrüfatı üçün asan bir vəziyyət deyil:  “Ona görə ki, iribuynuzlu heyvanların bəlli bir rasionu var. Əgər bu rasionda hər hansı dəyişiklik olsa, bu dərhal süd və ətin məhsuldarlığına təsir göstərəcək. Bir qədər həmin rasiondan kənara çıxan kimi bu dərhal ətin və südün istehsalında hiss olunur. Heyvanın normal qidalanması üçün ot bol olmalıdır. Bizdə mövcud olan problemlərdən ən əsası da budur ki, heyvan yemlərini diversifikasiya edə bilməmişik. Əslində isə rasionda otdan başqa digə...

Mixail Saakaşvili Polşaya hansı pasportla gəlib?

Ukrayna vətəndaşlığından məhrum edilmiş Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ABŞ-dan Polşaya uçub. APA-nın “Ukrainskaya Pravda”ya istinadən verdiyi məlumata görə, M. Saakaşvili avqustun 3-də Varşava üsyanının ildönümünə həsr olunmuş tədbirdə çıxış edib. Ukrayna pasportu ləğv edilmiş və başqa vətəndaşlıq pasportu olmayan M. Saakaşvilinin Polşa sərhədini necə keçdiyi hələlik məlum deyil. Onun mətbuat xidməti günün sonuna qədər bu barədə açıqlama veriləcəyini bildirib.  Xatırladaq ki, iyulun 26-da M. Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edildiyi barədə məlumat yayılıb. Ukrayna hökuməti ABŞ və digər dövlətlərə Saakaşvilinin pasportunun ləğv olunduğu barədə məlumat verib.