Skip to main content

İlin ilk yarısında sənət aləmində baş verən ən yadda qalan olaylar

2017-ci ilin ilk 6 ayı artıq geridə qalıb. Bu vaxt ərzində həm şou-biznes, həm də mədəniyyət aləmində mühüm və maraqlı olaylar, səs-küylü qalmaqallar yaşandı. 


Beləliklə, ilin əvvəli mədəniyyət aləmi üçün qalmaqalla başladı. Gözlənilmədən mətbuatda Opera və Balet Teatrının, aralarında xalq artistlərinin də olduğu 15 nəfər əməkdaşının işdən çıxarıldığı haqda məlumatlar yayıldı. 

İşdən ayrılanlardan biri də xalq artisti Nəzakət Teymurova idi. Xanəndənin teatrdan hansı səbəbdən ayrılması bu günədək müəmmalı qalsa da, xalq artisti bundan sonra pedaqoji fəaliyyətlə məşğul olacağını açıqlamışdı. 

Teatrdan kənarlaşdırılan opera ifaçısı Gülşən İbadova isə uzun sürən söz davasından sonra, barəsində səslənən təhqiredici ifadələrə və təhdidlərə görə teatrın rəhbərliyini və bəzi əməkdaşlarını məhkəməyə verdi. 23 may tarixində keçirilən ilk məhkəmə iclasında daha bir qalmaqal yaşanmışdı. 

Belə ki, baş tutan məhkəmə iclasından sonra teatrın əməkdaşları məhkəmə zalında olan “Yeni Müsavat” qəzetinin xanım əməkdaşına hücum edərək, onu təhdid və təhqir etmişdilər. İncəsənət nümayəndələri məhkəmə zalının qapısını bağlayaraq, jurnalistin əl-qolundan tutub onun zaldan çıxmasını əngəlləyib, öz təhqirlərinə davam edərək "siz dövlətçiliyin əleyhinəsiz", "sizin nə ixtiyarınız var teatr haqqında yazırsız" kimi iradlar və qeyri-etik ifadələr səsləndirmişdilər. 

“O səs Türkiyə” yarışmasında səs salan 4 azərbaycanlı iştirakçının gözlənilmədən eyni vaxtda yarışmadan uzaqlaşdırılması ölkə ictimaiyyətində ciddi rezonans doğurmuşdu. Yarışmada hər kəsi özünə heyran edən Zülfü Əsədov, İlham Nəzərov, Müşfiq Əliyev, Gülşən İbadova mətbuata açıqlama verərək qərəzli olaraq müsabiqədən uzaqlaşdırıldıqlarını bildirmişdilər.

İlin ilk əvvəli əməkdar artist Naibə Allahverdiyeva üçün demək olar ki, çox çətin oldu. Yenicə ailə həyatı quran aktrisa bir neçə dəfə xəstəxanaya yerləşdirildi. Mart ayında isə aktrisa daha bir ağır zərbə aldı, anası Bilqeys xanım qəfildən vəfat etdi. 

Fevral ayının ən səs-küylü qalmaqallarından biri Azərbaycanın məşhur “Bizim Cəbiş müəllim” filminin çəkilişi zamanı lentə alınan, amma filmə salınmayan səhnənin sosial şəbəkələrdə, mətbuatda yayılması oldu. Kadrlarda Cəbiş müəllimin həyat yoldaşını alverçi qonşusu Əbülfəz yoldan çıxartmağa çalışır. Lakin Cəbiş müəllimin arvadı yun çubuğunu götürüb onu otağa salır, qapını bağlayıb onu yoldan çıxartmağa çalışan qonşusunu döyür. Filmdə montaj edilən bu kadr ictimaiyyətdə böyük ajiotaj yaratmışdı. 

Fevral ayının daha bir qalmaqallı, müzakirə olunan məsələlərindən biri xalq artisti, xanəndə Canəli Əkbərovla həmkarları arasında yaşanan söz davası olmuşdu. Qalmaqalın yaranmasına səbəb xanəndə Canəli Əkbərovun VI muğam televiziya müsabiqəsinin münsiflər heyətində yer ala bilməməsi olmuşdu. Nəticədə xanəndə həmkarları Arif Babayev, Əlibaba Məmmədov, Mənsum İbrahimov, Səkinə İsmayılova barəsində ağır, təhqiredici ifadələr işlətmişdi. Onun bu açıqlamaları təkcə xanəndələr deyil, digər sənət adamları, nüfuzlu ictimaiyyət nümayəndələri tərəfindən sərt tənqid olunmuşdu. 

Gəncə Dövlət Filarmoniyasının direktoru isə bu müddət ərzində iki dəfə dəyişdirildi. Əvvəlcə xalq artisti Şahnaz Haşımovanı Gəncə Musiqi Kollecinin əvvəlki direktoru Gülçin Mirzəyeva əvəz etmişdi. Lakin məlum rüşvət qalmaqalının ardınca rəhbərliyə xalq artisti Samir Cəfərov gətirildi. 

Aprel ayında isə məlum oldu ki, türkiyəli aktyor Şahan Gökbahar “Receb İvedik 5” filminin Azərbaycanda yayımlanmasını qadağan edib. Yayılan məlumata görə buna səbəb filmdə azərbaycanlı boksçu ilə bağlı olan səhnənin çıxarılması olub. Lakin may ayında artıq film Bakıda nümayiş olunmağa başladı. Xatırladaq ki, filmdə türk və azərbaycanlı boksçuların döyüşündəki dialoq və epizodlar hər iki ölkədə narazılığa səbəb olmuşdu.

May ayının ən mühüm sənət hadisələrindən biri Ukraynanın paytaxtı Kiyevdə keçirilən “Eurovision-2017” yarışması oldu. Xatırladaq ki, bu il yarışda ölkəmizi Diana Hacıyeva “Skeletona” mahnısı ilə təmsil edirdi. Yarışmanın nəticələrinə görə təmsilçimiz 120 balla 14-cü sırada yer aldı. Yarışmanın qalibi isə Portuqaliya təmsilçisi Salvador Subral oldu. 

İyun ayında isə tamaşaçıların ən çox baxdığı, müzakirə etdiyi, milli televiziyanın ən bahalı layihəsi olan “Maşın Şou”da gözlənilən və gözlənilməyən qalmaqallar yaşandı. Bəzi sənətçilər şounun ab-havasına dözməyərək özləri yarışmanı tərk etdi. Bəziləri isə maşına sahib olmaq üçün ciddi cəhdlə mübarizə apardı. Şou bu dəfə ifrat dərəcəyə çatan qalmaqallar, sənətçilərin işlətdiyi küçə jarqonları ilə yadda qaldı. 

Qeyd edək ki, “Maşın Şou”nun bu dəfəki qalibi aktyor İslam Mehrəliyev oldu.

Comments

Popular posts from this blog

Türkiyə və Qətərin hərbi dəniz qüvvələri birgə təlimlər keçirəcək

Türkiyə və Qətərin hərbi dəniz qüvvələri avqustun 6-7-də birgə təlimlər keçirəcək. “Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məlumatı Qətərin Müdafiə Nazirliyi yayıb. İnformasiyaya əsasən, təlimlərin keçirilməsi ilə bağlı məsələ bu il iyulun 31-də Türkiyə Silahlı Qüvvələrinə aid “Gökova” gəmisinin göyərtəsində Qətər Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Məhəmməd bin Naser əl-Mühənnədinin iştirakı ilə müzakirə edilib. Təlimdə iştirak edəcək Türkiyənin hərbi gəmisi göyərtəsində 214 hərbçi ilə Qətərin paytaxtı Dohanın cənub-şərqində yerləşən Hamed limanında lövbər salıb.

Bölgələrdə ot qıtlığı yaranıb

Ət və süd bahalaşa bilərmi? Bu il Azərbaycanın regionlarında ot qıtlığı yaşanıb. Bir yandan ekoloji amillər, digər yandan otlaq sahələrinin müxtəlif məhsulların əkini üçün ayrılması yem istehsalına ciddi təsir edib. Ekspertlər hesab edir ki, hazırda yaşıl yem mövcud olduğu üçün bu ətin qiymətində özünü göstərməsə də, payız-qış aylarında yaşanacaq yem qıtlığı qiymət artımına səbəb ola bilər. Bu durumu “Yeni Müsavat” şərh edən kənd təsərrüfatı üzrə ekspert Müslüm İbrahimov da vurğuladı ki, bu kənd təsərrüfatı üçün asan bir vəziyyət deyil:  “Ona görə ki, iribuynuzlu heyvanların bəlli bir rasionu var. Əgər bu rasionda hər hansı dəyişiklik olsa, bu dərhal süd və ətin məhsuldarlığına təsir göstərəcək. Bir qədər həmin rasiondan kənara çıxan kimi bu dərhal ətin və südün istehsalında hiss olunur. Heyvanın normal qidalanması üçün ot bol olmalıdır. Bizdə mövcud olan problemlərdən ən əsası da budur ki, heyvan yemlərini diversifikasiya edə bilməmişik. Əslində isə rasionda otdan başqa digə...

Mixail Saakaşvili Polşaya hansı pasportla gəlib?

Ukrayna vətəndaşlığından məhrum edilmiş Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ABŞ-dan Polşaya uçub. APA-nın “Ukrainskaya Pravda”ya istinadən verdiyi məlumata görə, M. Saakaşvili avqustun 3-də Varşava üsyanının ildönümünə həsr olunmuş tədbirdə çıxış edib. Ukrayna pasportu ləğv edilmiş və başqa vətəndaşlıq pasportu olmayan M. Saakaşvilinin Polşa sərhədini necə keçdiyi hələlik məlum deyil. Onun mətbuat xidməti günün sonuna qədər bu barədə açıqlama veriləcəyini bildirib.  Xatırladaq ki, iyulun 26-da M. Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edildiyi barədə məlumat yayılıb. Ukrayna hökuməti ABŞ və digər dövlətlərə Saakaşvilinin pasportunun ləğv olunduğu barədə məlumat verib.