Skip to main content

“Qarabağ” “mavi gözlü əzrayıl” a qarşı

Qarabağ” bu gün ən çətin oyununa çıxacaq, qapımızı möhkəm qoruya bilməsək...
Bu gün Çempionlar Liqasındakı  təmsilçimiz “Qarabağ” ilk dəfə olaraq İspaniya təmsilçisi ilə qarşılaşacaq. “Qarabağ” “Roma” ilə oyunda yaxşı təsir bağışladı, Dinonun son dəqiqədə  başla vurduğu top qapıya girsəydi bu gün  oyuna bilet tapmaq olmazdı. “Qarabağ” fəxrimizdi, yaxşı klubdur, amma hələ Çempionlar Liqasının havasına təzə öyrəşir, bu yaxşı praktikadır. Gələn il ÇL düşmək indikindən iki dəfə çətin olacaq, amma ümid edək ki, “Qarabağ” növbəti mövsümdə indikindən daha yaxşı oynayacaq.
“Atletiko” həm “Roma”dan, həm “Çelsi”dən çətin rəqibdir, daha doğrusu, məkrli klubdur. Bu klubun sürətli hücumları “Roma” ilə müqayisə oluna bilməz. Məncə “Qarabağ” bu gün ən çətin oyununa çıxacaq. Qapımızı möhkəm qoruya bilməsək, ağır məğlubiyyət də ola bilər. Bəs qələbə? Optimistlər bu yerdə deyir ki, “top yumrudur, ”vallahı-billahı" yoxdur". Realistlərdə isə “amma o topu qapıya da düzgün vurasan gərək” düşüncəsi hakimdir. “Atletiko” ilə görüş ərəfəsi optimist deyiləm, amma yaxşı oyun gözləyirəm. İlk qolumuzu ötən tur vurduq, bir xal qazanırıqsa bu turun sensasiyası  ola bilər. Yeri gəlmişkən, “Atletiko” son turda öz meydanında “Barselona” ilə heç-heçə edib. Hazırda 16 xalla dördüncü yerdə qərarlaşıb.  
Klubun baş məşqçisi Dieqo Simone yaxşı mənada futbol dəlisidir. Argentinalı qanı var axı onda...Hərdən ona baxanda adama elə gəlir ki, bu dəqiqə zalım oğlunun  ürəyi partlayacaq. Artıq 6 ildir “Atletiko”nun sükuna arxasında olan Simonesiz bu klubu təsəvvür etmək çətindir.
Çempionlar Liqası həm də məşqçilərin döyüşüdür, Qurban Qurbanov  bu davada hələ müşahidəçidir, yəni kimin gücü nəyə çatırsa o... Amma inşallah, Qurban qardaşımız da bu turnirdə iştirakdan böyük təcrübə toplayacaq. Qurbanın üstünlüyü budur: o təkcə öyrətməkdə deyil, öyrənməkdə də bacarıqlıdır.
“Atletiko” Bakıya 3 xal ardınca gəldiklərini gizlətmirlər. Əsas odur ki, “Qarabağ” bu 3 xalı onlara asan verməsin, “Roma” ilə görüşdəki kimi vuruşsun. Çoxmu şey istəyirik? Rəqib Çempionlar Liqasının finalında oynamış “Atletiko”dursa,  hə...              
Bugünkü  oyunu Fransadan olan hakimlər briqadası idarə edəcək. Fransızlar futbolda bizim heç vaxt dostumuz olmayıb, milinin qapısına 10 top vurandan bəri...Bu gün Ruddi Buke baş hakim, Qiyom Debar, Frederik Kano yan xətt hakim təyin olunublar. Amori Delryu və Fransua Letesye əlavə yardımçı hakim funksiyanı yerinə yetirəcək. Fransalı hakim məsələsinin o səbəbdən qabardıram ki, bu gün meydanda Fransa millisinin əsas forvardı hesab olunan Antuan Qrizmannı da görəcəyik.  Bu gün məhz “Atletiko”nun heyətində onu fərqləndirərək, barəsində oxuculara geniş məlumat verəcəyik.   

***
Alman soyadlı, portuqal kökənli Antuan Qrizmann  1991-ci ilin 21 martında  Lionun 70 kilometrliyindəki Makon şəhərində futbolçu ailəsində anadan olub. Hələ uşaq yaşlarından atası onu “Lion” klubuna baxışa aparsa da, Antuanı zəif fiziki göstəriciləri və sısqa görünüşünə görə kurslara qəbul etməkdən imtina ediblər. Fransanın digər futbol akademiyaları da Antuana “perspektivsiz” deyərək qapını göstəriblər. Təbii ki, futbol qapısını yox... Atası naümid qalıb oğlunu özünün baş məşqçisi olduğu “Makon” klubuna yazdırır. “Makon” Fransanın ikinci həvəskarlar liqasında çıxış edirdi. Yalnız 13 yaşı olanda Qrizmann özünü geniş publikaya göstərmək şansı qazanır. 2005-ci ildə Qrizmann “Monpelye”nin heyətində “PSJ” klubunun gəncləri ilə yoldaşlıq görüşündə  İspaniyanın “Real Sosyedad” klubunun seleksiyaçılarının diqqətini çəkir. Antuanı İspaniyaya-"San-Sebestyan"a baxışa dəvət edirlər. Bir neçə həftəlik baxışdan sonra onu klubun akademiyasına qəbul edirlər. Beləcə, həyatını dəyişən İspaniya yolçuluğu başlayıb...
Antuan klubda bütün yaş dövründə oynayır və yalnız 2009-cu ildə əsas komandaya dəvət alır. Klubdakı baş məşqçi Martin Lasartenin onun haqqında belə bir fikri var:  “Mavi gözləri onu mələyə oxşadır, amma o əsl əzrayıldır”.
Klubun sağ yarımmüdafiədə oyunçu axtarışında olması Antuanın işinə yarayır. 2009-cu ilin 2 sentyabrında ilk dəfə rəsmi görüşdə “Real Sosyedad” formasını geyinən Qrizmann ilk sezonda 39 oyunda 6 qol vurur. 2010-cu ilin aprelində “Real Sosyedad”la beşillik ilk professional müqaviləsini imzalayır.  
Növbəti mövsüm Antuan üçün daha da uğurlu olur. O, İspaniya çempionatında “Elçe”yə qarşı görüşdə ilk “het-trik”ini edir. Həmin mövsüm ümumilkdə 14 qol vuran futbolçu La-Liqa da yalnız Kriştiano Ronaldo  (22 qol ) və “Atletiko”nun hücumçusu Dieqo Kostadan (19) geri qalır.2014-cü ilin yayında Qrizmann “Real Sosyedad”la  müqaviləni uzatmaq istəmir. Bir neçə gün sonra o, 30 milyon avro qarşlılığında “Atletiko”ya transfer olunur.  O, “Kordoba” klubu ilə qarşılaşmada ilk dublunu edir.  Əvvəlki klubundan fərqli olaraq Qrizmann “Atletiko”da daha çox hücum mövqeyində oynayır.  Bir neçə tur sonra klubun yeni transferi “Atletik” Bilbao ilə görüşdə “het-trik” edir. “Levante” oyununda da Qrizmann dublu ilə yadda qalır. 2014/2015 sezonlarında Antuan demək olar ki, hər tur meydana çıxır və həmişə də fəqlənir.  Antuan həmin mövsüm 30 oyunda forma geyir və 18 topla klubun bomardiri olur. 2016-cı il mövsümündə Fransa Peşəkar Futbol Assosasiyası ölkədən kənarda oynayan ən yaxşı fransız futbolçu kimi Qrizmannı seçib.   
Dieqo Simone onun haqqında belə deyir: “Qrizmann çox istedadlı futbolçudur. O meydanda daima işləyir və eşitməyi bacarır. İstənilən işdə uğur qazanmaq üçün eşitmək qabiliyyəti əsasdır. Heç şübhə yoxdur ki, o dünyanın üç ən yaxşı futbolçusundan biridir”.
O, 2010-cu ilin fevralında Fransa millisinə dəvət alıb. 

Fransanın bir çox idman mütəxəssisləri Antuanın oyun stilinin Devid Bekhem və David Silvaya oxşadığını  deyirlər. Qrizmann güclü texnikası, topla məharətlə davranışı ilə seçilir. Arıq bədəni onu daha da cəld edir ki, bu da rəqibləri üçün ciddi problemdir.  Onun çox sürətli qaçışı və enerjisi əks-hücuma meylli forvarda əlavə üstünlük deməkdir.  Top onun ayağına düşdükdə dəqiq zərbələri var ki, bu da “Avro-2016"da təsdiqləndi. O da ən çox qol vuran(5 top) futbolçular sırasında oldu.
Bu gün “Qarabağ” qapısını ən çox ondan qorumalıdır... 

Comments

Popular posts from this blog

Türkiyə və Qətərin hərbi dəniz qüvvələri birgə təlimlər keçirəcək

Türkiyə və Qətərin hərbi dəniz qüvvələri avqustun 6-7-də birgə təlimlər keçirəcək. “Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məlumatı Qətərin Müdafiə Nazirliyi yayıb. İnformasiyaya əsasən, təlimlərin keçirilməsi ilə bağlı məsələ bu il iyulun 31-də Türkiyə Silahlı Qüvvələrinə aid “Gökova” gəmisinin göyərtəsində Qətər Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Məhəmməd bin Naser əl-Mühənnədinin iştirakı ilə müzakirə edilib. Təlimdə iştirak edəcək Türkiyənin hərbi gəmisi göyərtəsində 214 hərbçi ilə Qətərin paytaxtı Dohanın cənub-şərqində yerləşən Hamed limanında lövbər salıb.

Bölgələrdə ot qıtlığı yaranıb

Ət və süd bahalaşa bilərmi? Bu il Azərbaycanın regionlarında ot qıtlığı yaşanıb. Bir yandan ekoloji amillər, digər yandan otlaq sahələrinin müxtəlif məhsulların əkini üçün ayrılması yem istehsalına ciddi təsir edib. Ekspertlər hesab edir ki, hazırda yaşıl yem mövcud olduğu üçün bu ətin qiymətində özünü göstərməsə də, payız-qış aylarında yaşanacaq yem qıtlığı qiymət artımına səbəb ola bilər. Bu durumu “Yeni Müsavat” şərh edən kənd təsərrüfatı üzrə ekspert Müslüm İbrahimov da vurğuladı ki, bu kənd təsərrüfatı üçün asan bir vəziyyət deyil:  “Ona görə ki, iribuynuzlu heyvanların bəlli bir rasionu var. Əgər bu rasionda hər hansı dəyişiklik olsa, bu dərhal süd və ətin məhsuldarlığına təsir göstərəcək. Bir qədər həmin rasiondan kənara çıxan kimi bu dərhal ətin və südün istehsalında hiss olunur. Heyvanın normal qidalanması üçün ot bol olmalıdır. Bizdə mövcud olan problemlərdən ən əsası da budur ki, heyvan yemlərini diversifikasiya edə bilməmişik. Əslində isə rasionda otdan başqa digə...

Mixail Saakaşvili Polşaya hansı pasportla gəlib?

Ukrayna vətəndaşlığından məhrum edilmiş Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ABŞ-dan Polşaya uçub. APA-nın “Ukrainskaya Pravda”ya istinadən verdiyi məlumata görə, M. Saakaşvili avqustun 3-də Varşava üsyanının ildönümünə həsr olunmuş tədbirdə çıxış edib. Ukrayna pasportu ləğv edilmiş və başqa vətəndaşlıq pasportu olmayan M. Saakaşvilinin Polşa sərhədini necə keçdiyi hələlik məlum deyil. Onun mətbuat xidməti günün sonuna qədər bu barədə açıqlama veriləcəyini bildirib.  Xatırladaq ki, iyulun 26-da M. Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edildiyi barədə məlumat yayılıb. Ukrayna hökuməti ABŞ və digər dövlətlərə Saakaşvilinin pasportunun ləğv olunduğu barədə məlumat verib.