Skip to main content

UEFA-nın Azərbaycandakı nümayəndəsi: "Şübhə yaradan bəlli futbolçular var"

UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Kamran Cəbrayılovun “Report”a müsahibəsi...
- Martın 7-də keçirilmiş AFFA-nın Hesabat Konfransında danışılmış oyunlarla bağlı email ünvanının açıldığı elan olundu. Ötən müddət ərzində elektron poçta məktub daxil olub?
- Hələlik oyun@affa.az ünvanına məlumat daxil olmayıb. Amma biz insanların məlumatlarını bizimlə bölüşmələrində maraqlıyıq. Daxil olan istənilən məlumat tərəfimizdən araşdırılacaq. AFFA ictimai qurumdur. Danışılmış oyunlar ümumi işimizə xələl yetirir. Bu cür hallara qarşı birgə mübarizə aparmalıyıq. İctimaiyyətin fikrinə önəm verdiyimiz üçün bu e-maili açmışıq. İstənilən şəxs danışlmış oyunlarla bağlı hər hansı məlumatı bura göndərə bilər. Həmin şəxslərin anonimliyi təmin olunacaq. Yaxşı olar ki, məktubda yer alan şübhələr əsaslı olsun. Məsələn, hansısa video əlavə edilsin.
- UEFA-dan gələn məlumatlar və e-mailə daxil olacaq məktublar öz yerində, AFFA özü daxili araşdırmanı hansı formada aparır və hansısa matçın nəticəsi şübhə doğuran zaman nə edirsiniz?
- Əlbəttə, şübhəli tendensiya olanda tərəfimizdən araşdırma aparılır.
- I Divizonun lideri “Qaradağ Lökbatan”ın son 4 turda məğlub olması şübhələrə yol açıb. Bu barədə nə deyə bilərsiniz?
- Hazırda “Qaradağ Lökbatan”la bağlı xüsusi bir hal yoxdur. Mətbuatda gedən yazılarda nəyə istinad etdiklərini bilmirəm. Araşırmalar ümumi şəkildə aparılır. “Qaradağ Lökbatan”la əlaqəli xüsusi araşdırma aparılmır.
- Ancaq 38 xalla 1-ci pillədə qərarlaşan və ən yaxın izləyicisini 8 xal qabaqlayan komandanın ardıcıl 4 görüşdə məğlub olması qəribədir...
- Başa düşürəm, son oyunlarda uduzması ictimaiyyətdə şübhə yaradır. Amma yenə də deyirəm: Sırf bu komandanın çıxışı ilə bağlı araşdırma getmir. Biz daha çox UEFA-dan gələn məlumatları əsas tuturuq.
- I Divizionda şübhə doğuran yalnız “Qaradağ Lökbatan”ın çıxışı deyil. Məsələn, “Turan Tovuz”un da nəticələrində uyğunsuzluqlar var. Bu komanda XVII turda lideri səfərdə 3:1 hesabı ilə məğlub edib. XVIII turda isə sonuncu pillədə qərarlaşan “Zaqatala”ya uduzub. Bu cür nəticələri araşdıran əməkdaşlarınız var?
- UEFA-dan gələn sənədlər təsadüfi materiallar deyil. Onların əsasında qərarlar verilir. İdman Arbitraj Məhkəməsi həmin sənədləri sübut kimi qəbul edir. Ona görə də istinad oluna biləcək araşdırmalara üstünlük veririk. Ancaq qeyd etdiyiniz formada tendensiyalı nəticələri ekspertlər qrupu təhlil edir. Hər bir şübhəli məqamı nəzarətdə saxlamağa çalışırıq.
- Qış fasiləsindən sonra Premyer Liqada baş tutan 6 turun oyunları ilə bağlı UEFA-dan məlumat daxil olub?
- Xeyr. Əsas narahatlıq I Divizionla bağlıdır. Premyer Liqa ilə əlaqədar gündəlikdə ciddi bir məsələ yoxdur.
- I Divizionda çıxış edən 10 komandadan neçəsi şübhə altındadır?
- Bunu detallı söyləməyim mümkün deyil. Bu, yalnız AFFA-da deyil, UEFA-nın özündə belə, ictimaiyyətə geniş məlumat verilmir. UEFA bizdən məlumatların məxfi saxlanılmasını tələb edir. Həmçinin, bizdə danışılmış oyunlarla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilib. Hüquq-mühafizə orqanları tərəfindən də araşdırmalar aparılır. Onlarla birlikdə işləyir, apardıqları araşdırmaların nəticəsində daha konkret faktların üzə çıxacağına ümid edirik. Biz AFFA olaraq, araşdırmanı sırf futbol adamları arasında aparırıq və yalnız onlara sanksiya tətbiq edə bilərik. Ancaq hüquq-mühafizə orqanlarının araşdırması daha əhatəlidir. Danışılmış oyunlara maliyyə ayıran, bu işin təşkilatçılığını həyata keçirən şəxslərlə bağlı onlar tədbir görə bilərlər.
- Aparılan araşdırmalarla bağlı rəsmi qərarların verilməsi təxminən nə zaman olacaq?
- Beynəlxalq praktikaya baxsaq, bu cür qərarlar oyun baş tutandan 5 – 6 il sonra da verilə bilər. Yəni, hər şey araşdırmanın yekunlaşmasından, sübutların toplanılmasından asılıdır.
- Hazırda şübhə altında olan futbolçuların siyahısı var?
- Siyahı deməyək, ümumilikdə nəzarətdə olan komandaların şübhə yaradan bəlli oyunçuları var.
- Daha əvvəl I Divizonda danışılmış oyunlarda iştiraka görə futbolçular, referi və inzibatçı cəzalanıb. Lakin klub rəsmilərinin və məşqçiləri iştirakı olmadan nəticəyə təsir etmək bir qədər çətindir. Bu baxımdan, nəzarətdə olan rəsmi şəxslər və məşqçilər var?
- Hələlik geniş araşdırma gedir. Xüsusi nəzarətdə olan şəxslər var. Araşdırma, əsasən, şübhəli oyunun gedişatına uyğun aparılır. Matçın iştirakçısı futbolçular olduğundan, daha çox onlar təhlil edilir. Onlar dəvət olunurlar və soruşulur ki, bu işə necə etmisiniz, kimdən göstəriş almısınız və s. Futbolçu klub rəsmisinin və ya məşqçinin bu işdə iştirakı ilə bağlı əlavə məlumat vermirsə, bizim onları günahlandırmağımız düz deyil. Faktlar olmalıdır. Futbolçularla bağlı faktları müəyyənləşdirmək daha asandır. Çünki oyunçu matçda icraçı kimi çıxış edir və hər şey açıq-aydın görünür.
- Danışılmış oyunların iştirakçıları arasında hakimlər də olur. Sabiq referi Anar Niyazov bu səbəbdən cəza alıb. Hazırda idarəçiliyi şübhə doğuran ədalət təmsilçiləri var?
- Xeyr, hələlik belə bir şey yoxdur. Hakimlər Komitəsi ilə sıx əlaqədəyik. UEFA-nın tövsiyəsi də odur ki, matçların hakimləri maksimum dərəcədə son anda təyin edilməlidirlər.
agamiraz








Comments

Popular posts from this blog

Türkiyə və Qətərin hərbi dəniz qüvvələri birgə təlimlər keçirəcək

Türkiyə və Qətərin hərbi dəniz qüvvələri avqustun 6-7-də birgə təlimlər keçirəcək. “Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məlumatı Qətərin Müdafiə Nazirliyi yayıb. İnformasiyaya əsasən, təlimlərin keçirilməsi ilə bağlı məsələ bu il iyulun 31-də Türkiyə Silahlı Qüvvələrinə aid “Gökova” gəmisinin göyərtəsində Qətər Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Məhəmməd bin Naser əl-Mühənnədinin iştirakı ilə müzakirə edilib. Təlimdə iştirak edəcək Türkiyənin hərbi gəmisi göyərtəsində 214 hərbçi ilə Qətərin paytaxtı Dohanın cənub-şərqində yerləşən Hamed limanında lövbər salıb.

Bölgələrdə ot qıtlığı yaranıb

Ət və süd bahalaşa bilərmi? Bu il Azərbaycanın regionlarında ot qıtlığı yaşanıb. Bir yandan ekoloji amillər, digər yandan otlaq sahələrinin müxtəlif məhsulların əkini üçün ayrılması yem istehsalına ciddi təsir edib. Ekspertlər hesab edir ki, hazırda yaşıl yem mövcud olduğu üçün bu ətin qiymətində özünü göstərməsə də, payız-qış aylarında yaşanacaq yem qıtlığı qiymət artımına səbəb ola bilər. Bu durumu “Yeni Müsavat” şərh edən kənd təsərrüfatı üzrə ekspert Müslüm İbrahimov da vurğuladı ki, bu kənd təsərrüfatı üçün asan bir vəziyyət deyil:  “Ona görə ki, iribuynuzlu heyvanların bəlli bir rasionu var. Əgər bu rasionda hər hansı dəyişiklik olsa, bu dərhal süd və ətin məhsuldarlığına təsir göstərəcək. Bir qədər həmin rasiondan kənara çıxan kimi bu dərhal ətin və südün istehsalında hiss olunur. Heyvanın normal qidalanması üçün ot bol olmalıdır. Bizdə mövcud olan problemlərdən ən əsası da budur ki, heyvan yemlərini diversifikasiya edə bilməmişik. Əslində isə rasionda otdan başqa digə...

Mixail Saakaşvili Polşaya hansı pasportla gəlib?

Ukrayna vətəndaşlığından məhrum edilmiş Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ABŞ-dan Polşaya uçub. APA-nın “Ukrainskaya Pravda”ya istinadən verdiyi məlumata görə, M. Saakaşvili avqustun 3-də Varşava üsyanının ildönümünə həsr olunmuş tədbirdə çıxış edib. Ukrayna pasportu ləğv edilmiş və başqa vətəndaşlıq pasportu olmayan M. Saakaşvilinin Polşa sərhədini necə keçdiyi hələlik məlum deyil. Onun mətbuat xidməti günün sonuna qədər bu barədə açıqlama veriləcəyini bildirib.  Xatırladaq ki, iyulun 26-da M. Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edildiyi barədə məlumat yayılıb. Ukrayna hökuməti ABŞ və digər dövlətlərə Saakaşvilinin pasportunun ləğv olunduğu barədə məlumat verib.